Nazim Məmmədov 1934.07.03 — 2004.10.29
Nazim Məmmədov adına Azərbaycan Animasiya Muzeyi, Arts Council Azerbaijan təşkilatının təşəbbüsü ilə, Prezident yanında Gənclər Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2015-ci ildə yaradılıb. Muzey Azərbaycan animasiyasının banisi Nazim Məmmədovun adını daşıyır və Nazim Məmmədovun 80 illik yübilüyinə həsr olunub.
Nazim Məmmədov azərbaycanın animasiya tarixində xüsusi yer tutur. Onun adı uşaqlığımızın ən sevimli cizgi filmləri ilə bağlıdır. Uzun illər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyada çalışmış və Azərbaycan animasiyasının banisi olmuşdur. Respublikamızda ilk cizgi filmlərinin müəllifi olan Nazim Məmmədov Azərbaycanda animasiyasının inkişafına əvəzsiz töhfələr verib. O, həm də rəngkarlıq, qrafika ilə məşğul olub, 400-dən artıq uşaq kitablarına illüstrasiyalar çəkib.
Muzeyin yaranması Azərbaycanın zəngin animasiya tarixini əks etdirən və gənclərin Azərbaycan Animasiya tarixini tanımasına və maarifləndərilməsinə yönəlmiş bir internet resursudur.
Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olub. 1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1961-ci ildə Moskvada “Soyuzmultfilm”də rəssam-multiplikator üzrə kurs bitirmişdir. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor-multiplikator vəzifəsində çalışmışdır. O, Azərbaycanda ilk dəfə 1988-ci ildə beş hissəli “Göyçək Fatma” cizgi film-operasını yaratmışdır. Onun yaratdığı cizgi filimləri dünya məşhur animasiya festivallarında iştirak edib. Nazim Məmmədovun Azərbaycanda və Respublikadan kənarda coxaylı fərdi sərgiləri keçirilib. Onun Xocalı faciəsinə həsr edilmiş 40-dan artıq olan kolleksiyası Azərbaycan Milli Muzeyində saxlanınlır.
Nazim Məmmədov 2004-cü ildə oktyabrın 29-da Bakıda vəfat etmişdir.